Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 2 uşağın faciəvi ölümü ilə bağlı cinayət işi açılıb. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat verir.
Faktla bağlı Cinayət Məcəlləsinin “Səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda” maddəsi əsasında Sabunçu rayon prokurorluğunda istintaq aparılır. Hazırda hadisənin başvermə halının və şəraitinin, habelə işin digər mühüm əlamətlərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oğlanların cəsədləri FHN-in əməkdaşları və yerli sakinlərin köməkliyi ilə quyudan çıxarılıb. Azyaşlıların yaxınları SOCAR-ın bu quyu da daxil olmaqla ərazidə ümumilikdə 7 neft quyusunun olduğunu iddia etsələr də, Dövlət Neft Şirkəti bu məlumatı təkzib edib. Quyuların hansı qurumun balansında olması sual altında qalır.