Azərbaycanda keçirilən velosiped üzrə beynəlxalq yarış Bakıdan başlayacaq. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Belə ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” adlı yarışda iştirakçılar Bakıdan Şuşa şəhərinə qədər velosipedlərlə gedəcəklər. Tədbirdə 16 ölkədən 100-dən çox idmançı mübarizə aparacaq.
Yarış 5 mərhələdən ibarət olacaq:
- İlk mərhələdə velosipedçilər 150 km məsafə qət edərək paytaxtın Səbail rayonunda yerləşən veloparkdan Şamaxı rayonuna gedəcəklər;
- 2-ci mərhələdə Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə 176,2 km yol qət edəcəklər;
- 3–cü mərhələnin marşrutu Qəbələ-Gəncə istiqaməti üzrə 170 km olacaq;
- Daha sonra Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km yol sürüləcək;
- Sonuncu mərhələdə iştirakçılar Beyləqandan Şuşaya doğru 134,9 km yol gedəcəklər.
Bu yarışın nəticələrinə əsasən, idmançılar “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər. Yarışlar 7 – 11 iyun tarixləri arası baş tutacaq.