Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yerləşən Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialının binası qəzalı vəziyyətdədir. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Məlumata görə, kitabxanada 24 minə yaxın kitab var. Binanın qəzalı olmasına baxmayaraq, kitabsevərlər kitabxanaya üz tuturlar. Lakin acınacaqlı vəziyyət onların da haqlı narahatlığına səbəb olur.
“Filialda boş yer olmadığı üçün binada kitabların cüzi bir hissəsi var. Kitabxananın əməkdaşları rütubəti yüksək olan yerlərdə saxlanılan kitabların vəziyyətini görməyə imkan vermədilər”, – süjetdə deyilir.
Bununla bağlı Azərbaycan Mədəniyyət Nazirliyinə müvafiq müraciət göndərilib. Hazırda binaya texniki baxışın aparıldığı bildirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.
Daha öncə, ötən ilin may ayında kitabxananın acınacaqlı vəziyyəti barədə artıq reportaj təqdim olunub və kitabxananın Binəqədi rayon bələdiyyəsinin balansında olması məlum olub. 2023-cü il üçün kitabxananın yeni binaya köçürülməsinin nəzərdə tutulduğu deyilib. Binəqədi Bələdiyyəsi Mədəniyyət Nazirliyinə müraciət edərək, kitabxananın parkın ərazisindən köçürülməsi üçün müvafiq göstərişlər verməsini xahiş edib.
Lakin görsüyümüz kimi, bir il ərzində müvafiq strukturlar tərəfindən heç bir tədbir görülməyib.