Kamera yoldaşını öldürən məhkum danışdı. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

Ömürlük həbs olunan Zahidkəhriz Abbasov öz kamera yoldaşı Oleq Abişevi kibrit çöpü üstündə öldürdüyünü bildirib.

“Hadisə günü Oleq siqaret yandırmaq üçün kibrit tapa bilmədi. Oturduğu yerdə söyüş söyməyə başladı. Mən də nəzarətçini çağırdım ki, həm onu sakitləşdirsin, həm də kibrit versin. Nəzarətçi isə heç nə etmədən getdi. Bundan sonra Oleq məni satqın adlandıraraq söyməyə başladı”

Z.Abbasovun sözlərinə görə, söyüşlərdən sonra o, Oleqə bir neçə yumruq vurub, daha sonra qaldırıb yerə çarpıb. Başı tualetin pilləkəninə dəyib partlasa da, Oleq yenə dava etmək istəyib.

“Stəkanı götürüb üstümə hücum etdi. Onun qolunu burub stəkanı əlindən aldım və başından vurdum. Sonra nəzarətçilər gəlib, onu xəstəxanaya apardılar. 1 həftə sonra öldüyünü dedilər”, – deyə qatil bildirib.

Ömürlük məhkum olan Zahidkəhriz Abbasova daha 18 il həbs cəzası verildi. O, artıq əfv sərəncamına düşə bilməyəcək.