Sabunçu rayonunda yerləşən yataqxanada bir neçə gün öncə baş verən partlayışdan sonra evləri dağılan şəxslər çöldə qalıblar. Bu gün, 20 may tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.

Bakıxanov qəsəbəsinin  İvan Anaşkin, 4 ünvanının sakinləri günlərdir əziyyət çəkdiklərini deyiblər. Partlayış baş verdikdən sonra yataqxananın yaşayış üçün təhlükəli olduğu ilə bağlı FHN rəy verib. Binaya qazın verilişi tamamilə dayandırılıb. Su və işıq isə gün ərzində sadəcə bir neçə saat verilir. Binada yaşayanlar təkcə məcburi köçkünlər deyil, illər əvvəl bu yataqxanada mənzil alıb yaşayanlar da var.

Partlayış zamanı 14 məcburi köçkün ailəsinə də zərər dəyib. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə komitədən həmin evlərə baxış keçirilib və müəyyən təkliflər də edilib.

Sabunçu rayon İH-dən bildirildi ki, mayın 10-da zərərçəkənlərin hər biri ilə görüşülüb. Ərazi üzrə qeydiyyatda olmayan ailələrə hər hansı köməklik göstərilməyəcək. Məcburi köçkünlər isə aidiyyəti quruma yönləndiriliblər.

Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsindən isə deyildi ki, yaşayış sahəsi yararsız vəziyyətə düşmüş ailələrə komitənin Şirvan, Sabirabad, Saatlı, İmişli, Füzuli, Biləsuvar və Ağcabədi rayonlarındakı mövcud boş mənzil fondu hesabına evlər təklif olunub. Yalnız bir ailə təklifi qəbul edib. Digərləri ailə vəziyyətləri və məşğulluq məsələlərini əsas gətirərək təklifdən imtina ediblər. Hazırda komitənin Bakı şəhəri üzrə boş mənzil fondu olmadığından ailələrin müvəqqəti olaraq yerləşdirilməsi məqsədi ilə yataqxana, sanatoriya, pansionat tipli inzibati binalarda yaşayış sahələrinin müəyyənləşməsi istiqamətində iş aparılır.