Suraxanı rayonunun Ramana qəsəbəsindəki Samir Əliyev küçəsinin sakinləri susuzluqdan əziyyət çəkirlər. Dediklərinə görə, problemin həlli ilə bağlı aidiyyəti qurumlara zəng etdikdə isə həmişə eyni cavabı eşidirlər. Bu haqda bu gün, 20 may tarixində Baku Tv-yə istinadən Bakuplus.az məlumat verir.

Vətəndaşların bildirdiyinə görə, su həftədə 2 dəfə və saatla verilsə də, məhz təzyiq aşağı olduğundan ehtiyat çənlərini doldura bilmirlər.

Jurnalistlər çəkiliş zamanı sözügedən ərazidə suyun verilməməsinin şahidi olsalar da, Azərsu ASC-nin sözçüsü Anar Cəbrayıllı əvvəlcə əksini dedi: “Samir Əliyev küçəsinə biz hər gün gündəlik su veririk. Yəni tezdən – saat 7-dən axşam saat 10-a qədər həmin ərazinin rejimidir!”

Ərazidə suyun gəlmədiyinin şəxsən şahidi olduğularını bildirdikdən sonra isə qurum rəsmisi tam fərqli cavab verərək bildirdi ki, əsasən, tənzimləmə rejimlərinin tətbiq edildiyi həyət evlərində, bağ massivlərində, Bakıətrafı kənd və qəsəbələrdəki yeni massivlərdə belə hallar baş verə bilir. Samir Əliyev küçəsi də  həmin bu yeni massivlərdədir, orada da biz tənzimləmə işləri aparırıq. Bəzən 24 saat suyun verilməməsi sırf sudan israfçılıqla istifadə olunması, su itkilərinin çox olması, sudan qeyri-qanuni istifadənin daha çox olması səbəbindən tətbiq edilir.Belə ərazilərdə biz qrafik rejimi tətbiq etmişik və həmin ərazilərdə qrafikdə hər hansı bir dəyişikliklər planlaşdırılmır. Və yay aylarında da suyun verilməsi həmin qrafiklərlə davam etdiriləcəkdir”.