İki avtomobilin qaçırılmasında təqsirləndirilən şəxsə hökm oxunub. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən məlumat verir.

Cəbrayıl rayonunda anadan olmuş, Binəqədi rayonunun Gənclər şəhərciyində yaşayan 40 yaşlı Şaiq (şərti) adlı şəxs 1 il 6 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.

Həmin şəxs A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həyətindən və “Musabəyov” adlanan parkın səkisindən avtomobilləri qaçırmaqda təqsirli bilinib.

Araşdırma zamanı məlum olub ki, o, qardaşının avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müştəri aparıb. Həmin vaxt xəstəxananın həyətində “Tofaş Şahin” markalı qara rəngli avtomobili görüb. Avtomobilin sahibi ağciyərində olan problemlərlə əlaqədar xəstəxanaya gedib. Şaiq onun öldüyünü düşünərək avtomobili qaçırıb.

Daha sonra o, Musabəyov parkının yaxınlığında park edilmiş “Tofaş Şahin” markalı avtomobili də qaçırıb. Avtomobildə olan 850 manat pulu və iki çantada 2320 manat dəyərində olan paltarları da götürüb.

Evə qayıdan Şaiq qardaşına və anasına avtomobili kreditlə aldığını bildirib. Lakin “avtomobilin radarı var” deyərək qardaşının avtomobilinin nömrəsini “Tofaş”ına bağlayıb. Həmin nömrələrlə o, ailəsi ilə birlikdə atasının ildönümü ilə əlaqədar Beyləqan rayonuna yollanıb.

Sabirabad rayonu ərazisində yol polis əməkdaşları tərəfindən saxlanılıb. Şaiq polisin onu axtardığını başa düşərək, anası və qardaşının oturduğu avtomobildən düşüb, kəndin arası ilə qaçaraq polislərdən yayınıb. Bakıya qayıdarkən o, polisə təslim olub.