Qara paltar piri Bakının Buzovna qəsəbəsinin Nazranlı məhəlləsində yerləşir. Pirin inşa tarixi 1306-cı ilə aid olunur.
Abidə xristianlığın nestorian təriqətinə aid edilir. Türbənin qapısı üzərində əhəng daşında süls xətti ilə ərəbcə yazı mövcuddur. Yazıda bu sözlər həkk olunub: “Bu qəbir tərsa Bəhramə Səmavərzindir. Yeddi yüz altıncı il məhərrəm (1306) tarixdə vəfat etmişdir”. Tədqiqatçı Məşədixanım Nemət tərəfindən verilən məlumata görə, burada “tərsa” sözü xaçpərəst, “Bəhramə” (fars dilindən yaşıl rəngli paltar) sözü isə ləqəb mənasında istifadə edilir. [Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı-1992
Ziyarətgah düzbucaqlı formadadır, kərpicdən hörülüb. Bina təbii qaya üzərində inşa edilib. Giriş qapısının üzərində daş kitabə var. Yerli əhalinin dediyinə görə, vaxtı ilə pirin içərisində qəbirlər yerləşirdi. Qəbirlərin baş tərəfində divara hörülmüş xaçlar – başdaşları mövcud olub. Lakin bu xaçlar abidədə aparılan bərpa işləri zamanı itirilmişdir. [Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001]