Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yeniyetməni öldürüb, anasına xəsarət yetirməkdə ittiham olunan Zaur Babayevin məhkəməsi başlayır. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

Cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Proses hakim Leyla Əsgərova-Məmmədova tərəfindən aparılacaq.

Hadisə cari ilin fevral ayında baş verib. 42 yaşlı Zaur Babayev münasibətdə olduğu 43 yaşlı Əfsanə Şadatovanı və onun qızı, 14 yaşlı Günay Şadatovanı bıçaqlayıb. Nəticədə azyaşlı xəstəxanada dünyasını dəyişib.

Zaur Babayev 8 il ərzində Şadatova ilə qeyri-rəsmi münasibətdə olub. Əfsanə Şadatovanın əvvəlki həyat yoldaşından iki övladı, artıq 8 ildir ki, qeyri-rəsmi nikahda yaşadığı şəxsdən isə bir və iki yaşında uşaqları var.