Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində “Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb. Bu haqda bu gün, 23 may tarixində Report məlumat verib.
600 nəfər sakinin yaşadığı həyət çoxmərtəbəli 84B və 84V saylı binaları əhatə edir.
Həyətdə əlil və sağlamlıq imkanları məhdud insanlar, hər yaş qrupu üçün şərait yaradılıb. Ərazidə süni örtüklü minifutbol stadionu, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda ərazidə 5 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Ərazidə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 1300 ədəd müxtəlifcinsli ağaclar, 4500 kol əkilib, 4000 kv.m ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında 2000 ədəd daşsarmaşığı və digər sarmaşan bitkilər əkilməklə hava çirklənməsinə qarşı “yaşıl sədlər” (green barriers) yaradılıb.
