Bakıda və şəhərətrafı qəsəbələrdə içməli su problemi olmayacaq. Bu haqda bu gün, 23 may tarixində Trend məlumat verib.
“Azərsu” ASC-nin nümayəndəsi Anar Cəbrayıllı əmin edib ki, bütün lazımi tədbirlər görülüb: “Yay aylarında əhalinin dayanıqlı su təminatının aparılması üçün planlar hazırlanıb. Xətt siyirtmələrinin, nasos stansiyalarının saz vəziyyətdə olması, onların idarə edilməsi, rejimlərin tənzimlənməsini həyata keçirməklə çalışacağıq ki, bütün abonentlərimizi dayanıqlı içməli su ilə təmin edək. Yəni əvvəlki illərin yay aylarında təminat necə olubsa, bu il də Bakı və Bakıətrafı ərazilər eyni qayda ilə içməli su ilə təmin ediləcək”.
Cəbrayıllı Kür çayının və Ceyranbatan su anbarının kifayət qədər su ehtiyatının olduğunu da deyib: “Düzdür, su ehtiyatları əvvəlki illərdəki kimi deyil, amma əhalinin içməli su təminatına bəs edəcək səviyyədədir”.