Bakıda kosmetoloji prosedur etdirmək üçün klinikaya gələn tanınmış iş adamının yoldaşı Burcu Butayeva və bacısı Burçin Kayaşın kosmetoloq Aynur Süleymanovaya qarşı şiddət göstəriblər. Bu haqda Süleymanova 21 may tarixində öz İnstagram səhifəsində paylaşım edib.c

Həkimin sözlərinə görə, hər iki qadın Türkiyə vətəndaşıdır. Qadınlardan biri bir il öncə etdirdiyi kosmetoloji prosedurdan razı qalmadığı üçün həkimdən pulsuz prosedur və ya pulun geri qaytarılmasını tələb edib. Süleymanovanın sözlərinə görə, xoş olmayan rəftarlarına görə onlara prosedur etmək istəməyib və otağı tərk etmələrini istədiyini bildirəndə mübahisə yaranıb. Bundan sonra Burcu Butayeva səs-küy salaraq: “Sən bilirsən, mən kiməm? Mənimlə belə rəftar edə bilməzsən!”, – deyib.

Daha sonra pasiyent sözlərdən əlyabaxaya keçərək həkimin üzərinə baxil atıb, assistentinin üz nahiyəsinə əli ilə zərbə vurub.

Hadisə ilə bağlı Süleymanova polisə müraciət edib, lakin polis əməkdaşlarının qərarı ilə razı qalmayıb.

“Assistentim və məni döyməklərinə, şər-böhtan ataraq təhqir etməklərinə dair görüntü və ekspert rəyinin olmasına baxmayaraq, Yasamal RPİ 26-cı PB-nin təhqiqatçısı Ramil Qafarov əsassız qərar qəbul etmişdir. Üstəlik mənə və assistentimə cəza tətbiq edilib. Təhqiqatçı hansısa qanunu əsas gətirib, yoxsa təzyiq və məlum olmayan şəxsi marağına görə qərar qəbul edib?” – Süleymanova yazıb.

Qafqazinfo-dan əldə olunan məlumata görə, Daxili İşlər Nazirliyinin sözçüsü Nurlan Əliyev hadisənin 21 aprel tarixində baş verdiyini təsdiq edib. Aynur Süleymanovanın, Aynur Atakişiyevanın və Türkiyə Respublikasının vətəndaşı Burcu Butayevanın döyülmələri barədə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciətlər daxil olub.

“Müraciətlər əsasında polis bölməsində təhqiqat araşdırması başlanılıb. Araşdırmalarla müəyyən olunub ki, Butayeva aprelin 21-də onun yanına bir neçə günlük qonaq gələn bacısı, Türkiyə vətəndaşı Kayaş Burçin ilə birlikdə tanıdığı və əvvəllər ona kosmetik xidmətlər göstərən həkim-kosmetoloq Aynur Süleymanovanın işlədiyi klinikaya gəliblər.

Kayaş Burçin həkimin iş otağında olarkən Süleymanovadan əvvəllər tərəfindən göstərilən keyfiyyətsiz xidmətlərə görə kosmetik xidmətlərin ödənişsiz edilməsini xahiş edib. Lakin sonuncu ondan kobud şəkildə otağını tərk etməsini tələb edib. Butayeva otaqdan çıxan zaman həkimin assistenti kimi fəaliyyət göstərən Aynur Atakişiyeva qapını üzərinə bağlayaraq qoluna xəsarət yetirib. Bu səbəbdən Butayeva yenidən otağa daxil olaraq Atakişiyevanı itələyib. Nəticədə Süleymanova və Burçin münaqişəyə müdaxilə edərək bir-birinə xəsarətlər yetiriblər.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Ekspertizanın rəyinə əsasən, hər 3 şikayətçinin xəsarətləri sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyib.

Toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi ilə bağlı qərar qəbul edilib”, – açıqlamada deyilir.