Xətai rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb. Bu haqda bu gün, 23 may tarixində “Azərsu” ASC-nin mətbuat xidməti məlumat verib.

Yoxlama zamanı Rahib Məmmədov küçəsində yerləşən “Park Aile Çay Bahçesi” restoranının sayğacı olsa da, sudan qanunsuz istifadə edilməsi məlum olub.

Cavanşir küçəsi, 15A ünvanında sahibkara məxsus “Nar çiçəyim” kafesi, “Təbriz market”, zoomarket, şirniyyat sexi, dönər, ət və balıq məhsullarının satışı obyektlərində də sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb.

Kazımağa Kərimov küçəsində yerləşən sexdə, eyni zamanda bir neçə müəssisə fəaliyyət göstərir. Bir müddət əvvəl obyekt sahibi yığılmış borcu ödəmədiyindən su təchizatı dayandırılıb. Yığılmış borcların hissəli ödənişi üçün güzəşt edilsə də, sahibkar nəinki bu imkandan yararlanıb, əksinə, sayğacdankənar əlavə xətt çəkərək sudan istifadə edib. Obyektin su təchizatı yenidən dayandırılıb və dəymiş ziyan aktı tərtib edilib.