Tağı Abbas oğlu Şahbazi 2 iyul 1892-ci ildə Bakıda, yoxsul ailədə anadan olub. Yazıçı “Simurq” təxəllüsü ilə tanınıb.
Şahbazi ibtidai təhsilini mollaxanada alıb. O, 1902-1905-ci illərdə rus-tatar məktəbində, sonra isə Bakı real məktəbində təhsilini davam etdirib.
Ədəbi fəaliyyətinə 1908-ci ildə “Fəhlələrin uşaqları” əsəri ilə başlayıb. Həmin illərdə o, Lev Tolstoyun “İnsana çoxmu yer lazımdır” əsərini Azərbaycan dilinə tərcümə edib. Şahbazi 1913-cü ildə Xarkov universitetinin Fizika və Riyaziyyat fakültəsinin təbiət şöbəsinə daxil olub. 1914-cü ildə o, universitetin Tibb şöbəsinə keçib. [Tağı Şahbazi(Simurq). Bakı-1967]
Şahbazi 1915-ci ildə “Sosial-Demokrat Bolşevik Firqəsi”nin tələbə fraksiyasına daxil olub. Fevral inqilabından sonra o, 1917-ci ildə Bakıya qayıdıb. 1917-ci ildə yazıçı “Hümmət” təşkilatında və eyniadlı qəzetdə çalışıb. 1918-ci ildə o, Xarkovda təhsilini davam etdirib. 1919-cu ildə yazıçı Moskvada Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olub.
1920-1921-ci illərdə Şahbazi Bakı səhiyyə şöbəsinin müdiri, 1922-1923-cü illərdə Azərbaycan Xalq Maarif Komissarının müavini, 1923-cü ildə “Maarif və mədəniyyət” jurnalının redaktoru, 1923-1926-cı illərdə Azərbaycan MİK katibi vəzifələrində çalışıb. [Абузар Багиров. Мастер коротких рассказов. Литература No 1 (103), 2020]
1927-ci ildə Şahbazi indiki BDU-nun rektoru təyin edilib. O, universitetin ilk azərbaycanlı rəhbəri idi. Onun dövründə universitetdə Azərbaycan bölməsi açılır, xaricdən kadrlar dəvət olunur, azərbaycanlı tələbələrin sayı artır. [Афет Ислам. Правда о первом ректоре-азербайджанце. Каспiй.-2018.- 7 марта.- С.13.]
Yazıçının təşəbbüsü ilə əvvəllər Abdallar adlanan şəhərə yaxınlıqdakı dağın adına uyğun olaraq, Laçın adı verilmişdir. [Savalan Fərəcov. Mollaxanadan rektorluğa. Mədəniyyət.- 2014.- 2 iyul.- S. 15.]
1930-1937-ci illərdə Azərbaycan Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışıb və bədii yaradıcılıqla məşğul olub. Onun “Quşlar kimi azadə”, “İyi aləm”, “Aclar”, “Azadlıq üçün cinayət”, “Zərifə” və s. hekayələrində istismar dünyası, dini fanatizmin tənqidi, qadın azadlığı mövzuları əsas yer tutur.
Şahbazi 1937-ci ildə əks-inqilabçı kimi KP sıralarından çıxarılır və 11 iyunda həbs edilir. O, ağır işgəncələrə məruz qalır. 2 yanvar 1938-ci ildə 15 dəqiqəlik qapalı məhkəmədə Şahbaziyə ölüm hökmü çıхarılır və o, həmin gün güllələnir. [Абузар Багиров. Мастер коротких рассказов. Литература No 1 (103), 2020]
Tağı Şahbazi 1956-cı ildə bəraət alıb. Yazıçının məzarının harada olduğu hələ də məlum deyil.