Sevgilisi tərəfindən işgəncəyə məruz qalan və özünü yandıran qadın 5 gündür ki, 1 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsindən evə buraxılıb. O, başına gələnləri danışıb. Bu haqda bu gün, 23 may tarixində Bizim.Media məlumat verib.
23 yaşlı gənc qadın ilk dəfə 15 yaşında ailə qurub, lakin uşaq 8 aylıq olanda həyat yoldaşı ilə ayrılıb. Qadının sözlərinə görə, o, uşağın atasının narkotik aludəçisi olduğunu bilib.
3 il öncə qadın ikinci dəfə – Anar Məmmədzadə ilə ailə qurub. Qeyri-rəsmi münasibətlərdə yaşayan qadın kişidən rəsmi nikah tələb edib. Lakin bir müddət sonra kişinin davranışı dəyişib: “Oğlumun gözü qarşısında səbəbsiz yerə döyürdü, təhqir edirdi və nalayiq ifadələr səsləndirirdi. Uşaq dəfələrlə onun məni bıçaqla hədələdiyinin şahidi olurdu. Məni kənarda əxlaqsız kimi tanıtdırıb, aşağılayırdı. Övladımı evdə tək qoyub, restoranlarda qabyuyan işləyirdim. Çünki bu adam bizə baxmırdı. Dözməyə çalışırdım ki, insanların növbəti qınağına tuş gəlməyim”.
Bir müddət aralarında soyuqluq yarandığı üçün cütlük ayrı evlərdə yaşayıblar. Amma günlərin birində kişinin kirayə qaldığı ev qısaqapanmadan yanıb. Anar Məmmədzadə isə evin yanmasında qadını günahlandıraraq, ölüm həddinə çatdırıb: “Bu dəfə uşağımı, ailəmi ağır söyüşlərlə təhqir etdi və məni əxlaqsızlıqda günahlandıraraq ölüm həddinə çatdırdı. O an beynim işləmirdi, ilk ağlıma gələn şey özümü öldürmək oldu. Yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib benzin aldım. Onun gözü qarşısında üzərimə tökdüm”.
Qadın xəstəxanaya yerləşdirilib və orada 26 gün qalıb. Yanıq yaraları dərin olduğuna görə müalicə prosesi uzun olacaq.
“İş qabiliyyətim olmadığı üçün dərmanları almaqda çətinlik çəkirəm. Yeganə tələbim məni bu vəziyyətə gətirən Anarın cəzalanmasıdır. Onun məsuliyyətə cəlb olunmasını istəyirəm. Üzüm, sinəm və bədənim yandığı üçün bu durumda uşağın qarşısına da çıxa bilmirəm. Sağalandan sonra oğlumu sığınacaqdan götürüb həyatımıza davam edəcəyəm. Çünki sentyabrda oğlum 1-ci sinfə getməlidir”, – deyə gənc ana yekunlaşdırıb.