Bakıda özünü yandıran qadının övladı sığınacağa yerləşdirilib. Bu haqda bu gün, 23 may tarixində Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə bildirib.
Ağazadənin sözlərinə görə, uşaq 22 aprel tarixində sığınacağa gətirilib. Uşaq anası barədə məlumat əldə etməyə çalışan əməkdaşlara bildirib ki, anası bir nəfərin evini yandırdığına görə həbs olunub.
Lakin bir müddət öncə ana tapılıb. Qadının heç bir ev yandırmadığı, özünü yandırdığı məlum olub. O, qeyri-rəsmi yaşadığı şəxs tərəfindən uşağının gözü qarşısında davamlı olaraq şiddət gördüyündən, bıçaqla hədələndiyindən benzin tökərək özünü yandırıb.
Qadın 15 yaşında övladını dünyaya gətirib. Xəsarət alan ana bir aydan çoxdur ağır vəziyyətdə qalır. Hazırda uşağın anasının səhhəti barədə məlumatı yoxdur.