Bir qrup bağça müəllimi maaşlarının azaldılmasından və ixtisas dərəcəsinin aşağı salınmasından narazıdır. Onlar hesab edirlər ki, ixtisas dərəcələrinin birdən birə 14-cü dərəcədən 10-cu dərəcəyə endirilməsi yolverilməzdir. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.

Son iki-üç ayda müəllimlərin dərəcələri aşağı salınıb və məvacibləri 70-100 manat arası kəsilib. Səbəb isə ali təhsilli olsalar da, çalışdıqları bağçada qeyri-ixtisas sahibi olmalarıdır. İndi onlardan məktəbəqədər ixtisas üzrə ali təhsil tələb olunur. Müəllimlər deyirlər ki, ixtisasları fərqli olsa da, illərdir tərbiyəçi kimi təcrübələri var.

Bağça müəllimləri deyirlər ki, işə götürülən zaman ixtisasları fərqli olması ilə bağlı problem yaranmayıb və onlardan bunu tələb edən olmayıb. Şikayətləri barədə dəfələrlə Elm və Təhsil Nazirliyinə müraciət etsələr də, onlara konkret bir söz deyən olmayıb.

“Biz də deyirik ki, əgər biz qane etmiriksə, 15-20 il iş stajımız sizi qane etmirsə, bizi kurslara göndərin”, – müəllimlərdən biri deyib.

Problemin həlli ilə bağlı Elm və Təhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov məsələyə belə aydınlıq gətirib: “Müraciət edən şəxslərin, demək olar ki, əksəriyyətinin və yaxud bir hissəsinin ixtisasları məktəbəqədər təhsil sahəsinə uyğun deyil. Bununla bağlı həmin vətəndaşlar nazirlik tərəfindən qəbul edilib, onlara lazımi izahatlar verilib. Hal-hazırda onların əlavə təhsilləri ilə bağlı hər hansı digər təhsil müəssisələrini bitirməklərinə dair və yaxud hansısa ixtisasartırma təlimləri ilə bağlı sənədləri istənilib. Bu, yoxlanılıb araşdırılacaq və ayın sonuna kimi onlara yekun qərar barədə məlumatlar veriləcək”.

Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, dövlət məktəbəqədr təhsil müəssisələrində çalışan 11.300 tərbiyəçi müəllimdən 5800 nəfərin məktəbəqədər təhsil sahəsi üzrə müvafiq Ali və ya orta ixtisas təhsili yoxdur.