Dəniz Vağzalından çıxarkən yolu keçmək istəyən vətəndaşlar yeni hasarla üzləşirlər. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.

Dənizkənarı bulvarın ərazisinə çıxmaq üçün sakinlər yolun hərəkət hissəsindən istifadə etməli olurlar.

“Formula 1” vaxtı bura açıq idi. Daha sonra yenidən bağladılar. Yolu keçmək üçün ya xeyli yol qət etməliyik, ya da özümüzü təhlükəyə atıb avtomobillərin hərəkət etdiyi hissədən keçməliyik”, – deyə paytaxt sakini qeyd edib.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Könül İmamverdiyeva məsələ ilə bağlı açıqlama verib: “Çəpərlər əvvəldən də həmin ərazidə olub, sadəcə “Formula 1” yarışları zamanı bu çəpərlər götürülmüşdü və indi yenidən bərpa edildi. Bu, vətəndaşların təhlükəsizliyinin təminatına xidmət edir, çünki həmin ərazidə avtodayanacağın olmas,ı avtomobillərin dayanacaqdan çıxan zaman vətəndaşlara xəsarət yetirə bilmə ehtimalına görə çəpərin orada olması zəruridir”.

Çəpərlərin olması sakinləri daha böyük təhlükə ilə üz-üzə qoyur. Parka keçmək istəyən hər bir kəs yolun hərəkət zolağına çıxmağa məcbur qalır. Bu məqama isə bulvar rəsmisi “çəpərləri Bulvar İdarəsi qurmayıb” deməklə kifayətləndi.

Məsələ ilə bağlı “Azəravtoyol”dan verilən şifahi məlumata görə, çəpərləri agentlik quraşdırmayıb. Eyni cavab Dəniz Vağzalından gəlib. Görünən odur ki, faciə yaşadandan sonra çəpərlərin sahibi bəlli olacaq.