Mayın 22-də axşam saatlarında Bakının Xətai rayonu ərazisində yerləşən hotellərdən birində paytaxt sakinləri 20 yaşlı Sübhan Şərifzadə və 19 yaşlı Samir Qədimzadə xuliqanlıq məqsədilə 44 yaşlı Bakı şəhər sakinini döyüblər, həmçinin hoteli dağıdıb, 1000 manatdan artıq maddi ziyan vurublar. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, onlar polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıblar.

Yarım saat sonra, saat 22:30 radələrində Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev Xətai rayon Polis İdarəsinin 37-ci bölməsinin binasının yaxınlığında toplaşıblar. Həmin şəxslər saxlanılanların sərbəst buraxılmasını tələb edərək, qalmaqal və polislərlə qarşıdurma törədiblər.

Onlar barəsində “Xırda xuliqanlıq” maddəsi ilə inzibati protokollar tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Saxlanılan kişilərin seks xidməti göstərən cinsi azlıqların nümayəndələri olduqları məlum olub. Hotel qonağı olan kişi onları qadın olduqlarını düşünərək telefonla intim xidmətlər üçün öz otağına dəvət edib. “Qızlar” onun yanına gələndə məlum olub ki, onlar cinsi azlıqların nümayəndələridir və kişi onların xidmətlərindən imtina edərək pul ödəmək istəməyib.

Nəticədə onlar arasında mübahisə yaranıb. Saxlanılan şəxslər hotelin qarşısında qalmaqal yaradıblar. Hadisə yerinə polis əməkdaşları gəliblər, lakin “trans”lardan biri polisə hücum edib və onu dəyənəklə vurub.