Xəzər dənizinin İran sahillərindən qayıqla Azərbaycana narkotik keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiklərinə görə əvvəllər məhkum olunmuş Elşad Əliyev və Zakir Nağıyev saxlanılıblar. Onlardan, həmçinin Zakir Nağıyevin idarə etdiyi avtomobildən 113 kq marixuana, 37 kq heroin, 36 kq metamfetamin, 1 kq tiryək və 5000 ədəd metadon həbi olmaqla ümumilikdə 187 kq narkotik vasitə aşkar edilərək götürülüb.

İstintaq zamanı məlum olub ki, həmin şəxslər vaxtaşırı ölkə ərazisinə dəniz yolu ilə narkotik vasitələri gətiriblər. Onları aldıqdan sonra satış məqsədilə həmin narkotikləri Bakıda ayrı-ayrı şəxslərə ötürüblər.

Elşad Əliyev və Zakir Nağıyev ifadələrində bildiriblər ki, xüsusi texniki vasitələrdən istifadə etməklə İrandan xüsusi qayıqlarla qaçaqmalçılıq yolu ilə Xəzər rayonunun Zirə kəndinə dəfələrlə narkotik gətirərək satıblar. Başqalarında şübhə yaratmamaq üçün onlar ilk baxışdan balıqçı olduqları görüntüsünü yaradıblar.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.