Bakıda keçmiş məcburi köçkünlər üçün tikilmiş 1662 mənzilin satışı davam edir. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Sosial Xidmətlər Agentliyinin baş eksperti Adil Ələkbərov qeyd edib ki, satışa çıxarılan mənzillər dövlət sifarişi ilə tikildiyi üçün onların dəyəri bazar qiymətindən aşağıdır, torpaq sahələri də dövlət tərəfindən təmin edilir.

Belə ki, paytaxtda belə mənzillərin kvadratmetri 600-800 manata satılır. Bu mənzillərin satışı bu il iyulun 20-dək davam edəcək.

Ələkbərov onu da əlavə edib ki, bununla yanaşı, şəhid ailələrinin mənzillə təminatı davam etdirilir. Bu ilin əvvəlindən bu kateqoriyaya aid olan şəxslərə 260 yaşayış evi təqdim olunub. Digər şəhid ailələrinin də mənzillə təmin olunması istiqamətində işlər aparılır. Bununla bağlı artıq açıq tender elan olunub. Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində, həmçinin Salyan, Qax, Ağsu və Ağdaş rayonlarında şəhid ailələri üçün 1, 2 və 3 otaqlı mənzillərin alınması nəzərdə tutulub.