Fuad Ağarəhim oğlu Poladov 24 may 1948-ci ildə Bakıda anadan olub.
O, paytaxtdakı 132 saylı orta məktəbi bitirmişdir. 1967-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsində təhsil almışdır.
Tələbə ikən ilk dəfə 1969-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsərinin tamaşasında Savalan rolu ilə səhnəyə çıxmış, həmin ildən teatrın truppasına daxil edilmişdir. 20 il bu teatrın səhnəsində müxtəlif rollarda çıxış etmişdir.
1989-cu ildən Poladov Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərib, 20-dən çox səhnə əsərində rol alıb. Eyni zamanda Milli Dram Teatrında, “Hamlet”, “Şah Qacar”, “Sən həmişə mənimləsən” və s. tamaşalarda oynayıb.
Poladov ilk dəfə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkilmişdir. Daha sonra “İşarəni dənizdən gözləyin”, “Güllələnmə təxirə salınır!”, “Ovsunçu”, “Küçələrə su səpmişəm”, “Günaydın, mələyim”, “Dolu” və s. filmlərdə yaddaqalan obrazlar yaratmışdır.
Fuad Poladov 1987-ci ildə respublikanın Xalq artisti fəxri adına layiq görülmüşdür.
Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən aktyor 4 may 2018-ci ildə vəfat edib və Bakının “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.