Mayın 26-sı saat 11:00-dan etibarən Azərbaycan bölməsinin I sinfinə qəbul üçün prioritet tələbin tətbiq olunduğu ümumi təhsil müəssisələrindəki boş qalan plan yerlərinə prioritetsiz qəbul həyata keçiriləcək. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az məlumat verib.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, həmin təhsil müəssisələrinin siyahısı aşağıdakı kimidir:
– Heydər Əliyev adına lisey;
– T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;
– İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi;
– İ.Əfəndiyev adına Elitar gimnaziya;
– “Ankara məktəbi” məktəb-liseyi;
– 132-134 nömrəli təhsil kompleksi;
– T.Həsənov adına 23 nömrəli tam orta məktəb;
– Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi;
– “Zəngi” liseyi.
Adıçəkilən təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə I siniflərinə valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsi üçün müəyyən edilmiş ərazidə qeydiyyatda olanlar və qəbul elan olunan vaxtdan ən azı bir il əvvəl həmin ünvanda rəsmi müqavilə əsasında kirayə yaşayanlar, valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən, bacı və ya qardaşları həmin ümumi təhsil müəssisəsində təhsil alan uşaqlar sözügedən prioritetlərə uyğun olaraq qəbul edilirdilər.