Paytaxtın Qaradağ rayonu, Lökbatan dairəsində piyada keçidi bağlanıb. Bu haqda bu gün, 24 may tarixində Olke.az məlumat verib.
Piyadalar beton maneələrin üstündən tullanaraq yolu keçmək məcburiyyətində qalırlar. Yaxınlıqda başqa piyada keçidi yoxdur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyi yaranmış vəziyyətə münasibət bildirib. Açıqlamada bildirilib ki, piyada keçidinin olması həm sürücülər, həm də piyadalar üçün təhlükəlidir. Bir neçə metr aralıda, Bakı Cənub Avtovağzalının və “Binə” ticarət mərkəzinin qarşısında piyada keçidi mövcüddur.
Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Baş İdarəsi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ərazidə yaranmış xaotik vəziyyətə son qoymaq üçün birgə əməli işlər görülüb.
Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün piyada keçidləri yenidən qurulub, nişanlanma xətləri çəkilib, yol nişanları və hasarlar quraşdırılıb. Lökbatan rayonunda inşa edilən Bakı Cənub Avtovağzalı istifadəyə verilib. Hazırda avtobuslar avtovağzala cəlb edilir.
“Vətəndaşlardan bu məqsədlə ayrılmış qanuni yerlərdən istifadə etmələrini xahiş edirik”, – deyə açıqlamada qeyd olunub.