Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elnur Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda bu gün, 24 may tarixində Report məlumat verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə bu barədə hökm oxunub.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprel ayında saxlanılan Maştağa qəsəbə sakini Elnur Babayevdə 244 qram marixuana aşkar edilib.
Onun Pirşağı qəsəbəsindəki bağ evinə baxış keçirilərkən, həyətyanı sahədəki istixanadan 7 kiloqramdan çox marixuana, 8853 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, Elnur Babayev bir müddət əvvəl narkotik tərkibli bitkilər əkib və onlara qulluq edib. Onun məqsədi çətənə kollarını qurudandan sonra satmaq olub.