Bakı prospektlərində faciəvi qəzaların statistikası paylaşılıb. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Belə ki, paytaxtın Heydər Əliyev, Ziya Bünyadov, Babək və 8 Noyabr prospektlərində, eləcə də Yusif Səfərov və digər küçələrdə piyadalar həyatlarını ciddi təhlükəyə ataraq yolu birbaşa keçməyə çalışırlar. Bu addımlar isə çox vaxt faciə ilə nəticələnir.
Statistikaya əsasən, piyadanın vurulması ilə nəticələnən 269 yol-nəqliyyat hadisəsində 134 nəfər ölüb, 153 nəfər isə yaralanıb. Onların arasında 7 nəfər uşaq olub.
“Gedəcəyim ünvana daha tez çatım prinsipini əsas tutan belə piyadalar yola necə gəldi çıxırlar. Təəssüf ki, ölümü keçiddən üstün sayan bu piyadalar hətta 4-6 zolaqlı, sürətli yollarda belə yaxınlaşan avtomobilin qarşısına qəfil çıxmaqla qəzaların qurbanına çevrilirlər”, – deyə qurum əlavə edib.