Bakıda taksi sürücülərinə yalandan iş təklif edən dələduzlar peyda olublar. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az xəbər verir.
Belə ki, avtomobilə sərnişin kimi oturan və rəsmi geyimi ilə seçilən şəxslər sürücülərə yaxşı şərtlərdə iş təklif edirlər. Onlar taksiçilərə dövlət işində işləyən bir nəfərə sürücülük edəcəklərini, onlara lüks maşın verəcəklərini vəd edirlər. Daha sonra dələduz sürücülərlə “ASAN xidmət”ə gedir, onlarla birlikdə sənədlər hazırlayırlar.
Sonda sürücülərlə Hökumət Evinin qarşısına gələn şəxslər məsələnin həll olunması üçün sürücülərdən 300-500 AZN pul alır, 1-2 gün gözləməklərini xahiş edirlər. Bundan sonra onlardan bir daha xəbər almaq mümkün olmur.
Dələduzların xüsusi dəstə olduqları və nömrələrinin həmişə təzə olduqları, adlarını yanlış söylədikləri bildirilir.
Artıq bir sıra zərərçəkənlər redaksiyamıza bununla bağlı müraciət ediblər.