Bəzən 12, bəzən 15 saat, bəzən isə daha çox sükanın arxasında işləyir: Bakıda fəaliyyət göstərən taksilərin iş rejiminə nəzarətin olmaması onların iş saatlarının ölçüsünə ciddi təsir edir. Buna görə də sürücü sükanı idarə etməkdə çətinlik çəkir. Bəzi hallarda isə qəzalar törədilir. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az Space TV-yə istinadən məlumat verir.
Vəkil Vamiq Şükürovun sözlərinə görə, belə iş qrafiki işçilərin hüquqlarını pozur. Lakin taksi sürücüləri arasında heç bir şirkətə bağlı olmayan fərdi işçilər çoxdur. Onların avtomobillərini sürmə vaxtına heç cür nəzarət etmək olmur.
Şirkətlərdə işləyən sürücülərə gəlincə, burada əsas məsuliyyət taksi operatorlarının üzərinə düşür. Ekspertin sözlərinə görə, taksi şirkətinin sisteminə qoşulan taksi sürücülərinin qrafikinə operator tərəfindən nəzərət edilməlidir. Bu halda şirkət qanuni iş vaxtından artıq işləyən sürücülərə görə məsuliyyət daşıyır.
“Nəzarət mexanizmi olmadığına görə bizim ölkəmizdə aqreqatorlar da, taksi sürücüləri də necə gəldi işləyirlər. Sonra gileylənirlər ki, çox yorulurlar, az qazanırlar. Bütün problemlər ondan qaynaqlanır. Taksi fəaliyyətinə nəzarət yoxdur, bunun hüquqi mexanizmində də problemlər var”, – deyə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib.
Qanunla nəzərdə tutulan müddətdən artıq işçinin işə cəlb olunması zamanı müəssisələrə 20.000 manata qədər, vəzifəli şəxslərə isə 3-5 min arası cərimə tədbiq olunur.