Bakıda havaların isinməsi ilə ictimai nəqliyyatda kondisionerlərin işləməsi geniş müzakirələrə səbəb olub. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az məlumat verir.

Tıxaclı yollarla kiçik sürətlə hərəkət edən avtobuslarda olan sərnişinlər öz narazılıqlarını bildirirlər. Onların sözlərinə görə, sürücülər nə kondisioner, nə də ventilyasiya sistemini qoşurlar. Bəzi müasir avtobuslarda, hətta pəncərələri açmaq mümkün olmur.

Nəfəssiz və isti salonda qalan sərnişinlərin sözlərinə sürücülər niyə məhəl qoymurlar?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovun sözlərinə görə, hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır. Hər il yay mövsümü başlamazdan əvvəl daşıyıcı şirkətlərə müvafiq məktub göndərilir.

Şirkətlərdə yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib.

Metropolitenə gəlincə, qurumun sözçüsü Bəxtiyar Məmmədov bildirib ki, ümumən 115 yeni nəsil kondisionerli vaqon var. Bu isə toplamda hər biri beş vaqondan ibarət 23 qatar deməkdir. Həmin vaqonlarda havalandırma sistemi söndürülmür və avtomatik olaraq vaqonda olan temperatura uyğun olaraq tənzimlənir. İsti günlərdə bütün qeyd olunan vaqonlarda kondisionerlər işləyir.