Bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakıdakı Narkoloji Mərkəzdə heç bir müayinədən keçmədən arayış əldə etməyin mümkünlüyü ilə bağlı məlumat yayılıb. Bunun üçün mərkəzin əməkdaşlarına rüşvət vermək kifayətdir. Baku TV-nin əməkdaşları onu bu gün, 26 may tarixində yoxlamaq istəyiblər və qalmaqalla üzləşiblər.

Mikrofonsuz və gizli kamera ilə içəri girən jurnalistlər doğrudan da 10 manat ödəməklə 5 dəqiqəyə arayış əldə etməyin mümkün olduğunu biliblər.

Mərkəzin direktoru Qalib Məmmədov jurnalistlə söhbətində qeyd edib ki, mərkəzdə hər hansı rüşvətdən söhbət gedə bilməz.

Daha sonra direktor “şirinlik” müqabilində arayış yazan əməkdaşını otağa dəvət edib. Lakin o, rüşvət almaq faktını inkar etməyə başlayıb.

Həmin vaxt direktorun otağına mərkəzin daha bir əməkdaşı olan xanım qışqıra-qışqıra gələrək jurnalistlərin kamerasının işığını sındırıb.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları daxil olublar. İzahat aldıqdan sonra Baku TV-nin əməkdaşları Yasamal Rayon Prokurorluğuna dəvət olunublar, orada da hadisə ilə bağlı onlardan izahat alınıb. Araşdırma başlanılıb. Lakin tibb müəssisəsinin direktoru və yaxud işçiləri prokurorluğa dəvət olunmayıblar.