Daimi su təminatı var deyə, su çənlərini yığışdırdılar. İndi isə fasilə ilə verilən su da kəsilib. Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən binaların sakinləri havalar isindikcə bu problemlə üzləşiblər. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Sakinlər deyirlər ki, yaşayış binalarının damındakı su çənləri yığışdırıldıqdan sonra su ilə təminat ciddi problemə çevrilib. Nə daimi su verilir, nə də suyu saxlamaq üçün binanın üzərində çən saxlamağa icazə verirlər.

Suraxanı rayon Sukanal İdarəsinin baş mühəndisi Mehman Həşimov qeyd edib ki, suyun verilməməsində fasilə xətlərdə olan pozuntudan baş verir:

“Son günlər havaların istiləşməsi ilə əlaqədar olaraq xətlərdə olan hidravlik rejim pozulmuşdur. Hal-hazırda onlar qaydasına qoyulub. Demək olar ki, su ilə təminatı bərpa edirik. Hal-hazırda anbarlarımızda su var. Qrafikə uyğun olaraq səhər saat 6-dan, günorta saat 12-yə qədər su verilib. Axşam saat 6-dan da gecə saat 1-ə qədər suyun verilməsi davam etdiriləcək”.

Bəs daimi suyu olmayan və çən saxlamağa da icazə verilməyən bu vəziyyətdəki vətəndaş zəruri su təminatını necə həyata keçirməldir? Bununla bağlı Suraxanı rayon MKTİB-dən məlumat verilib ki, su çənlərinin götürülməsi həmin binalarda yeni müasir liftlərin quraşdırılması və dam örtüklərinin dəyişdirilməsi ilə əlaqəda olub. Yenidən çənlərin quraşdırılmasına isə icazə verilmir.