Bakının Yasamal rayonunda yerləşən 158 nömrəli orta məktəbdə bu həftə ikinci dəfədir ki, insident yaşanıb. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.
Məktəb həyətində voleybol oynayan 10-cu sinif şagirdi həyəti keçən dərnək rəhbəri Pərzad Vahabova ilə toqquşub. Qadın yıxılaraq xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, qadın Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə yerləşdirilib. Toqquşma nəticəsində onun sınıqları olduğu bildirilir. Həmçinin məlum olub ki, keçmişdə baş vermiş yol qəzası nəticəsində qadın əlillik alıb.
25 may tarixində də məktəbdə xoşagəlməz insident baş verib. Adı pis vərdişlərdə hallanan 10-cu sinif şagirdi Mehdi Məmmədlinin atası direktorun otağında dil-ədəbiyyat fənnini tədris edən Səhər Əhmədovaya hücum edərək telefonunu əlindən almış və ona qarşı nalayiq ifadələr səsləndirmişdi.
Cari ilin mart ayında şagirdlər arasında baş verən mübahisə zamanı onlardan biri əlindəki bıçaqla aranı sakitləşdirmək istəyən direktorun təlim-tərbiyə işləri üzrə müavini Nəzakət Cəfərovanın üz nahiyəsinə ciddi xəsarətlər yetirmişdi.