1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Şair xəstəxanada olduğu müddətdə kiçik bir şeir yazır:
Vaxtsız əcəl, məndən uzaq dolan, dur,
Qürbət eldə can vermərəm ölümə!
Qılıncını məndən uzaq dolandır
Onu bil ki, qələm aldım əlimə,
Qürbət eldə can vermərəm ölümə.
Bir neçə həftədən sonra şair Vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.
[Səməd Vurğunun Ev-Muzeyi 100. Bakı-2006]
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın Xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-də Dövlət Opera və Balet Teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Lakin yubilyar özü bu gecədə iştirak etmir… [https://edebiyyatqazeti.az/news/diger/598-qeybden-gelen-sesler-radio-ve-semed-vurgunun-olumu] [Səməd Vurğunun Ev-Muzeyi 100. Bakı-2006]
İki həftə sonra, 27 may 1956-cı ildə saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında vidalaşma mərasimi üçün qoyulur. O günlər bütün Azərbaycan matəm içərisində idi. Xalq üç gün şairlə vidalaşmağa gəlir, izdihamlı insan axını kəsilmir. Vurğunun dəfnindən olan kadrlarda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi İmam Mustafayevi, SSRİ Xalq artisti Ələsgər Ələkbərovu, yazıçı Abdulla Şaiqi, şairin ailə üzvlərini və digər şəxsləri görmək olar.
Şair mayın 30-da Azərbaycan xalqının böyük bir izdihamı ilə Bakının Birinci Fəxri xiyabanında dəfn edilir. [https://herbiand.az/post.php?id=34017]