Bakının Nəsimi rayonunda ötən gün Babək adlı iranlı narkotacirin şəbəkəsinin 4 üzvü saxlanılıb. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Cavid Niyazov, Aydın Məlikov, tanışı Elman Yolçuyev və Şaiq Kazımov tutulublar. Həmin şəxslərdə 10 kiloqrama yaxın heroin, marixuana və metamfetamin aşkar edilib.

İstintaq zamanı onların Babək adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul etmələri məlum olub. Həmin şəxslər gəncləri və yeniyetmələri narkokuryerliyə cəlb etməyə çalışıblar.

Faktla bağlı cinayət işi açılıb. Sözügedən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.