Sabunçu rayonunda bir ərazidə sakinlər bir həftəyə yaxındır ki, su problemi ilə üzləşiblər. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.

Sabunçu rayonu, Qəzənfər Musabəyov küçəsində yaşayan sakinlər bildirirlər ki, artıq bir həftəyə yaxındır, içməli su üzünə həsrət qalıblar. Onların sözlərinə görə, hər zaman içməli su az təzyiqlə də olsa, gəlirdi. Amma beş gündür ki, bir damcı su belə görmürlər.

Çıxılmaz vəziyyətdə qalan sakinlər məcbur qalıb bəzən suyu pulla alırlar.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirildi ki, sözügedən ünvanda bir müddətdi ki, su çatışmazlığı yaranıb. Problemin aradan qaldırılması üçün paytaxt ərazisini su ilə təmin edən mənbələrdə suyun həcmi təxminən saniyədə bir kubmetr artırılıb. Tez bir zamanda Qəzənfər Musabəyov küçəsinin sakinləri də su ilə təmin ediləcəklər.