28 may 1918-ci ildə İstiqlal Bəyannaməsi qəbul edildi və Azərbaycanda müsəlman şərqinin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikası yaradıldı. İstiqlal Bəyannaməsi 28 may 1918-ci ildə Tiflis şəhərində Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurasının iştirakı ilə elan olundu. Bu Şuraya Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mehdi bəy Hacınski, Firudin bəy Köçərli kimi maarifçilər daxil idi.

25 may 2007-ci ildə Bakıda bu sənədi əks etdirən “İstiqlal bəyannaməsi” abidəsinin açılışı baş tutdu. Abidə Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsində, AMEA Əlyazmalar İnstitutu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin arasındakı ərazidə yerləşir.

Abidənin aşağı hissəsi qranitdən, yuxarı hissəsi isə ağ mərmərdən hazırlanıb. Ağ mərmərdən hazırlanan hissədə dövlət gerbi həkk olunub. Qranit hissəyə isə “İstiqlal bəyannaməsi”nin mətni və bu bəyannaməni imzalayan şəxslərin adları həm əski (ərəb dilində), həm də latın qrafikası ilə yazılıb. Bəyannamə 6 bənddən ibarət idi.

Hazırda sənədin Azərbaycan və fransız dillərində orijinal nüsxələri Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.

Mənbələr: 

  1. https://axc.preslib.az/az/page/iKYoaVNIsO
  2. http://anl.az/el/emb/Cumhuriyyet/xatire/istiqlal-abidesi.htm