Hüseyn Paşa oğlu Rəhmanov 1 dekabr 1902-ci ildə Bakıda dənizçi ailəsində anadan olub.
O, ilk təhsilini rus-tatar məktəbində alıb, 1918-ci ildə isə I Bakı kişi gimnaziyasında oxuyub. Rəhmanov ailəsi ehtiyac içərisində yaşadığına görə təhsil haqqını ödəmək üçün yay tətillərində işləyib.
Əmək fəaliyyətinə o, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyində kuryer kimi başlamışdır. 1920-ci ildə bir neçə ay Bakı soveti yanında rayon ərzaq komitəsinin evlər idarəsinin təşkilində çalışan Rəhmanov könüllü olaraq, ordu sıralarına gedir, sonra isə Azərbaycan hərbi məktəbinə oxumağa göndərilir. [Azərbaycan Sovet Ensiklopediyası. VIII Cild. Bakı-1984]
1921-1924-cü illərdə Rəhmanov Maştağa qəsəbəsinin və başqa şəhər, rayon komsomol komitələrinin təşkilat şöbələrinin müdiri, Balaxanı-Sabunçu rayon komsomol komitəsinin katibi, Bakı şəhər komsomol komitəsinin təbliğat-təşviqat şöbəsi müdirinin müavini işləyib. Bu vəzifələrdə çalışarkən Azərbaycan gənclərinin inkişafına əmək sərf edib və komsomol təşkilatlarının yaradıcılarından biri kimi fəaliyyət göstərib.
1924-1926-cı illərdə Rəhmanov Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işləyib. Bu dövrdə o, xalq təsərrüfatının bərpası və tərəqqisi, savadsızlığın ləğvi, gənclərin siyasi və mədəni səviyyələrinin yüksəlməsi uğrunda çalışıb. Rəhmanov 1926-1929-cu illərdə Zaqafqaziyada Ölkə Komsomol Komitəsinin birinci katibi olub. [Qasımlı M.C., Hüseynov C. Azərbaycanın baş nazirləri. Bakı-2005]
1929-1930-cu illərdə o, Azərbaycan KP MK-nın üçüncü katibi vəzifəsində fəaliyyət göstərib. Rəhmanov 1930-1933-cü illərdə Qazaxıstan Həmkarlar İttifaqında, Moskvada müxtəlif vəzifələrdə çalışmış və Qırmızı Professorlar İnstitutunda təhsil almışdır.
O, 1933-cü ilin aprelində Bakıya göndərilmiş və burada Azərbaycan KP MK-nın ikinci katibi vəzifəsinə, dekabrında isə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsinə irəli çəkilmişdir.
1935-ci ildə Rəhmanov Lenin ordeninə layiq görülmüşlür. [Azərbaycan Sovet Ensiklopediyası. VIII Cild. Bakı-1984]
Hüseyn Rəhmanov 1937-ci ildə “əksinqilabi fəaliyyət” ittihamı ilə həbs edilib və 21 aprel 1938-ci ildə güllələnib. O, 1955-ci ildə bəraət alıb. [Гасанова А. Г. Мемориал. Воспоминания, размышления, документальные свидетельства. Санкт-Петербург-2016]
Bakının Neftçilər prospektində Rəhmanovun yaşadığı evin divarına onun xatirə lövhəsi vurulub.