Uşaq hüquqlarının beynəlxalq miqyasda qorunması üçün 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşmüşdür. Dünyanın 50-dən çox ölkəsi həmin gün bu bayramı qeyd edir. Bayramın rəsmi bayrağında yaşıl parça üzərində insanların bir-birinə qarşı tolerant münasibətini simvolizə edən müxtəlif rəngli uşaq fiqurları yer kürəsi ətrafında təsvir olunub.
Bayram dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da 70 ildən çoxdur ki, qeyd edilir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra uşaqların müdafiəsi istiqamətində fəaliyyət üçün ciddi addımlar atılmışdır. Onlardan biri Azərbaycanın 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya”nı ratifikasiya etməsi idi.
2022-ci ilin statistik məlumatına əsasən, ölkəmizdə 261300 uşaq var. Uşaqların sağlamlığının qorunması, keyfiyyətli təhsil alması, onların zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunması, cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin başlıca istiqamətlərindəndir.
Mənbələr:
- Muradova B. Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir.// Azərbaycan.-2020.- 1 iyun.- S.12.
- https://www.stat.gov.az/