Bakının YARAT Müasir İncəsənət Məkanında iyunun 8-də Aida Mahmudovanın “Cənnət gözləyə bilər” fərdi sərgisi və “Yeddinci tənhalıq” qrup sərgisinin açılışı baş tutacaq. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az məlumat verir.
Saat 19:00-da YARAT mərkəzində sərgilərin açılışı, saat 21:00-da isə mərkəzin yaxınlığında yerləşən Rəngkarlıq Muzeyinin 2-ci mərtəbəsində elektron musiqi və multimedia şousu təşkil olunacaq. Sərginin kuratoru Fərəh Ələkbərlidir.
Aida Mahmudovanın “Cənnət gözləyə bilər” fərdi sərgisinin mərkəzində yaratdığı mənzərə reallığı ilk baxışda fərdi və anlaşılması çətin görünsə də, “mən”in patologiyasını tənqid edir. Bir tərəfdən həyat bütün anatomik reallığı ilə qarşımızda dayanır, bəzi hallarda isə o, adi mənzərədən daha çox məna kəsb edir.
“Yeddinci tənhalıq” qrup sərgisi, alman filosofu F. Nitşenin fəlsəfə əsərlərində irəli sürdüyü “yeddinci tənhalıq” sirli anlayışına əsaslanaraq, sosial kontekstdə müasir uzaqlaşma/yadlaşma, varlıq və əbədi qayıdış kimi fundamental dəyərləri əlaqələndirməyə çalışır.
Sərgidə Hüseyn Haqverdiyev, Tərlan Qorçu, Orxan Hüseynov, Ramal Kazım, Novruz Məmmədov, Fərəc Rəhmanov, Eltac Zeynalov, İsmayıl Səfərəli və Nadir Eminovun YARAT-ın sifarişi ilə hazırlanan, həmçinin son illərdə yaradılmış əsərləri nümayiş olunacaq.