Sabunçu rayonunun Nardaran və Bakıxanov qəsəbələrində narkotik alverinə qarşı əməliyyatlar keçirilib. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Daxili işlər Nazirliyinə istinadən xəbər verir.

Keçirilən əməliyyat zamanı Nardaran qəsəbəsində narkotik bitkilərin yetişdirilməsi ilə məşğul olan Mirzədadaş Cəlilov saxlanılıb. Onun yaşadığı evin həyətindən 97 ədəd çətənə kolu və 2 kiloqram 200 qram marixuana tapılıb.

Bakıxanov qəsəbəsində isə əvvəllər məhkum olunmuş Vüqar Rəhimov saxlanılıb. Onun üzərində və evində 2 kiloqram 500 qram marixuana aşkarlanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ümumilikdə Sabunçu rayonunda may ərzində keçirilən əməliyyatlar zamanı 75 nəfər saxlanılıb, 45 kiloqram narkotik maddə dövriyyədən çıxarılıb.