Həsən Mehdi oğlu Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakıda anadan olub.
Sənətkar 1938-ci ildə 132 saylı məktəbi bitirib. O, 1938-1939-cu illərdə indiki Sankt-Peterburq şəhərində Kino Mühəndisləri Institutunun səs operatoru fakültəsində bir il oxuyub. 1943-cü ildə Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini, sonra isə onun nəzdində ali ssenari kurslarını bitirib.
Onun çəkdiyi ilk təcrübə filmi özünün yazdığı “33” adlı novellanın əsasında olub. 1943-cü ildə Həsən Bakıya kinostudiyada işləməyə gəlir, lakin müharibədən sonrakı dövrdə kino sahəsindəki durğunluğa görə o, ədəbi işlə məşğul olur. Seyidbəyli bir müddət Sovet Xəbərlər Bürosunun müxbiri vəzifəsində də işləyib. [Aydın Kazımzadə. Azərbaycan kinematoqrafçıları. Bakı-2002] [Azərbaycan.- 2010.- 22 dekabr.- S. 7]
Həsən Seyidbəyli “Kənd həkimi”, “Telefonçu qız” povestlərinin, “İllər keçir”, “Uzaq sahillərdə” romanlarının, “İyirmi gün Amerikada”, “On beş gün Yaponiyada”, “Gördüyüm yerlər” yol qeydlərinin müəllifidir. [Mədəniyyət.- 2010.- 22 dekabr.- S. 10] [Aydın Kazımzadə. Azərbaycan kinematoqrafçıları. Bakı-2002]
Onun“Telefonçu qız” adlı povesti əsasında 1962-ci ildə film çəkilir. Bundan başqa, “Bizim Cəbiş müəllim”, “Qızmar günəş altında” və “Uzaq sahillərdə” filmləri ona şöhrət qazandırır.
Azərbaycan kinodramaturqu, rejissor, yazıçı H.Seyidbəyli 1976-cı ildə “Azərbaycan SSR Xalq artisti” fəxri adına layiq görülüb. 1963-1980-ci illərdə rejissor SSRİ Kinemotoqrafçılar İttifaqı İdarə Heyətinin katibi vəzifəsində çalışıb. [Aydın Kazımzadə. Azərbaycan kinematoqrafçıları. Bakı-2002] [Həsən Seyidbəylinin bədii nəşri. Baba Babayev. Bakı-2010]
Həsən Seyidbəyli 25 iyun 1980-ci ildə Bakı şəhərində vəfat edib.