Azərbaycanda bir sıra yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin artırılması təklif edilib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az məlumat verir.
Cərimələrin məbləğinə yenidən baxılması layihəsinin irəli sürüldüyü pozuntuların siyahısı:
- Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə cərimələrin 150 manatdan 200 manata qaldırılması təklif edilir;
- Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə cərimələrin 250 manatdan 300 manata qaldırılması təklif edilir;
- Sürücülük hüququ məhdudlaşdırılmış şəxs tərəfindən avtomobil idarə edilməsinə görə cərimələr artırılır. Hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 200 manat məbləğində cərimə edilir. Dəyişikliklə isə cərimə 200 manatdan 300 manata qaldırılır;
- Standartlara uyğun olmayan nömrələrlə maşın sürənlər 100 manat cərimə ediləcək;
- Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər 150 manat cərimələnəcəklər. Maddənin hazırkı variantında cərimənin aşağı həddi 100 manat nəzərdə tutulub;
- İşıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişindaşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevretmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 60 manat məbləğində cərimə edilir. Dəyişikliklə isə cərimə 60 manatdan 80 manata qaldırılır;
- Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtinaya görə cərimə artırılır. Tibbi müayinədən imtinaya görə işin hallarından asılı olaraq və təqsirkarın şəxsiyyəti nəzərə alınmaqla 500 manatdan 700 manatadək miqdarda cərimə və ya on beş gündən bir ayadək müddətə inzibati həbslə cəzalandırılır. Hər iki halda nəqliyyat vasitəsini idarə etmək hüququnun iki il müddətinə məhdudlaşdırılması təklif edilir. Maddənin hazırkı variantında cərimənin aşağı həddi 400 manat nəzərdə tutulub;
- Avtomobil yollarının saxlanılması və qorunması qaydalarının pozulmasına görə cərimələr 5 dəfədən çox artırılır. Məcəllənin hazırkı variantında vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilirlər. Dəyişikliklə isə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə olunacaqlar;
- Həmçinin Azərbaycanda narkotik vasitənin təsiri altında olan sürücülər üçün yeni cəzalar tətbiq ediləcək. Hazırda 600 manat məbləğində cərimə və ya altı aydan bir ilədək müddətə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.