Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində atmosferi çirkləndirən zavodun rəhbəri cərimələnib. Bu barədə Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

Verilən məlumata görə, ətraf mühitin mühafizəsi və təmiz havaya dəstək məqsədilə “Havanı kim çirkləndirir?” aksiyasına start verilib. Layihə çərçivəsində şikayət əsasında rayon ərazisində yerləşən asfalt-beton zavodunun havanı tullantılarla çirkləndirdiyi müəyyən edilib.

Yoxlamalar zamanı “15 nömrəli Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atıldığı məlum olub.

Faktla bağlı zavodun rəhbəri Musa Cəbiyevə qarşı protokol tərtib edilib, o cərimə olunub. Qurğulara texniki qulluq göstərilməsi və standartlara uyğunluğunun təmin edilməsi üçün Cəbiyevə məcburi göstəriş verilib.

Bakıda havanı çirkləndirən zavodun rəhbəri cərimələnib
Foto ETSN-in rəsmi saytı