Bir tərəfdən dənizə kanalizasiya suyu axıdılır, digər tərəfdən isə insanlar Xəzərin çirklənmiş suyunda çimirlər. Paytaxt və ətraf ərazilərdə bir çox qəsəbələrin bu günə kimi mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Bu səbəbdən də dənizə buraxılan kanalizasiya və çirkab suları illərdir ki, vətəndaşlar üçün təhlükə mənbəyidir. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Space TV-yə istinadən məlumat verir.
Kürdəxanı qəsəbəsinin sahilboyu ərazilərində illərdir ki, Bakıətrafı qəsəbələrdə toplanan çirkab və qrunt suları birbaşa dənizə axıdılır. Bu da Xəzər dənizində ekoloji tarazlığın pozulması ilə yanaşı, yay aylarında çimməyə gələn insanlar üçün xəstəlik mənbəyi olaraq qalmaqdadır.
Qaradağ, Xəzər, Sabunçu, Abşeron rayonu və Sumqayıt şəhərinin, əsasən, sahilboyu ərazilərdə fəaliyyət göstərən iaşə obyektlərindən kanalizasiya suları dənizə axıdılır.
“Azərsu” ASC-dən verilən məlumata görə, Bakının baş planına uyğun olaraq, Ələt qəsəbəsindən başlayaraq Sumqayıt şəhərinə qədər Xəzər dənizinin sahilboyu ərazilərində 11 ədəd tullantı su qurğusunun tikintisi və yenidən qurulması layihələndirilib ki, bunlardan da biri inşası başa çatan Pirşağı təmizliyici su qurğusudur.
Qurumun sözçüsü Anar Cəbrayıllının sözlərinə görə, Zabrat istiqamətindən kanalizasiya kollektorunun bir hissəsi hazırdır, digər hissəsinin tikintisi davam etdirilir. Növbəti mərhələlərdə artıq həm Nardaran istiqamətində, həm Novxanı istiqamətində həmin qurğuya əsas daşıyıcı sahilboyu kollektorlarının tikintisi həyata keçiriləcək.
Paytaxt və ətraf ərazilərin içməli su və kanalizasiya probleminin 2035-ci ilə qədər tamamlanması nəzərdə tutulur.