Telejurnalist Ceyhun Rzayev bu gün saat 11-də intihar edəcəyi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Bundan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları məsələyə müdaxilə ediblər.

“Telejurnalist Ceyhun Rzayevin intihar fikrindən daşındırılıb və polis orqanına dəvət edilib. Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir” – DİN-dən qeyd olunub.

10:22 – Bakıda məşhur jurnalist özünü öldürəcəyini elan edib

Kömək üçün ictimaiyyətə və jurnalistlərə üz tutan tanınmış telejurnalist, idman aparıcısı Ceyhun Rzayev bu gün, 6 iyun tarixində intihar edəcəyini açıqlayıb. Bu haqda o, öz Facebook səhifəsində paylaşım edib.

“Dostlar, tanışlar, əgər kiməsə qarşı qüsurum olubsa, üzr istəyirəm. Haqqınızı halal edin.

Bu gün saat 11:00-da intihar edəcəyəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər. İstəyirəm, bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər.

Ünvan: Kaveroçkin küçəsi 8. Göy Məscidin arxasında Dərə marketin yaxınlığı.

Xahiş edirəm, mənə yazmayın və zəng etməyin”.

Daxili İşlər Nazirliyinin rəsmisi, Elşad Hacıyevin sözlərinə görə, telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar DİN tərəfindən təcili müdaxilə edilib. O fikirindən daşındırılaraq polis orqanına dəvət edilib. Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir.

Bir müddət əvvəl Ceyhun Rzayev valideynlərinin qanuni həyat yoldaşını iki övladı ilə yaşadığı evdən çıxarmağa çalışdıqlarını bildirib. Onun sözlərinə görə, 2021-ci ildə atası Ağasadıq Rzayev Ceyhundan və ailəsindən evi boşaltmağı tələb edib. Anası Gülcahan Rzayevanın iddiası ilə isə Nəsimi rayon məhkəməsində mülki iş başlanılıb. Məhkəmənin qərarı ilə onun həyat yoldaşı evdə qeydiyyatdan çıxarılıb və indi onun orada yaşamaq hüququ yoxdur.

Ceyhun Rzayev intihar
Foto açıq mənbədən