Bakının Xətai rayonunda yerləşən “AMAY” ticarət mərkəzinin binasının üzlüyündən qopan daş parçası küçədən keçən vətəndaşın və avtomobilin üzərinə düşüb. Nəticədə piyada xəsarət alıb, avtomobilə isə ziyan dəyib. Bu barədə bloger İlkin Babayev Facebook səhifəsində məlumat verib.
“Şəkildə gördüyünüz bu bina “AMAY” ticarət mərkəzidir. Binanın birinci mərtəbəsində dövlət əhəmiyyətli “ASAN xidmət” və ölkənin ən böyük banklarından biri ABB-nin filialı yerləşir.
Amma bu bina potensial ölüm mənbəyidir. Bina günü-gündən baxımsızlıqdan sözün əsl mənasında dağılır. Bu gün gözümüzün önündə şəkildə işarələn yerdən daş düşərək, altdan keçən adamın çiynini və bir maşını əzdi. Həmin şəxsi ölümdən bir neçə saniyə ayırdı.
Şəhər rəhbərliyi hara baxır? Niyə bu qəzalı vəziyyətdə olan binaya bir əncam çəkmirlər? Yenə hərəkətə keçmək üçün ölüm gözləyirlər?
Dostluğumda olan hər kəsdən bu postu paylaşmağı, jurnalistlərdən isə bu barədə reportaj hazırlanmasını xahiş edirəm.
Hörmətli müvafiq qurumlar, nə qədər ölüm-itim olmayıb, xahiş edirəm, nələrsə edin!”, – paylaşımda deyilir.
Qafqazinfo-dan əldə olunan məlumata görə, Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, əraziyə baxış keçirilib. Müəyyən olunub ki, binanın divarına vurulan üzlük aqlay daşları qoparaq piyadaların yoluna tökülür. Faktla bağlı aidiyyəti üzrə müraciət ünvanlanıb.
Binada 2 saylı “ASAN xidmət” və ABB-nin filialı yerləşir.
