Bakının Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yaşayan sakinlər əraziyə təyin olunmuş marşrut avtobuslarının işləməməsindən şikayətçidirlər. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

Sakinlər bildirirlər ki, qəsəbəyə təyin olunmuş marşrut cəmi bir neçə gün işləyib. Onlar, həmçinin qeyd edirlər ki, avtobusun işləməməsinin səbəbi ərazidə kiçik fərdi avtobusların da olmasıdır.

Məsələ ilə bağlı daşıyıcı ilə əlaqə saxlamaq mümkün olmayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirildi ki, 168 saylı müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların yaxşılaşdırılması ilə bağlı daşıyıcıya bir neçə dəfə xəbərdarlıq edilib.

Qurumun nümayəndəsi, həmçinin qeyd edib ki, sözügedən marşrut müsabiqəyə çıxarılıb. Lakin digər daşıyıcılar tərəfindən maraq olmadığından sərnişindaşımalar yenidən əvvəlki daşıyıcıya həvalə edilib.