Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində 100 minə yaxın insan yaşayır. Lakin, qəsəbə ərazisində heç bir bankın filialı yoxdur. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.

Suraxanı rayon Ağsaqqallar Şurasının üzvü Kəlpi İsgəndərovun sözlərinə görə, qəsəbədə rəsmi olaraq 70 min nəfər qeydiyyatdadır. Lakin qeydiyyatda olmayan sakinlər də nəzərə alınsa, Hövsanda 100 min nəfərə yaxın insan yaşayır.

2015-ci ildə baş vermiş devalvasiyadan öncə qəsəbədə həm banklar, həm də valyuta dəyişmə məntəqələri var idi. İndi isə qəsəbəyə ən yaxın filial 17 kilometr məsafədə olan Əmircan qəsəbəsində yerləşir.

Bir müddət əvvəl Hövsanda MİDA yaşayış kompleksi tikilib və minlərlə insan orada yaşamağa başlayıb, ərazilərdə yeni evlər tikilir. Bankın olmaması isə sakinlərə böyük problem yaradır.

Məqalədə bildirilir ki, məsələ ilə bağlı Mərkəzi Banka sorğu ünvanlanıb.