Nəsimi rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az “Azərsu”ya istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı rayonun bir neçə ərazilərində sudan qanunsuz istifadə olunduğu məlum olub.
Asif Məhərrəmov küçəsi, 36 ünvanında yerləşən “Taxta kafe”nin sudan qeyri-qanuni istifadə etdiyi aşkar edilib. Obyekt sahibi iddia edir ki, kafedə olan su sayğacı oğurlanıb. Buna baxmayaraq o, polisə müraciət etməyib. O, həmçinin əvvəl yığılmış borcunu da ödəmir.
Süleyman Rüstəm, 80 ünvanında yerləşən avtoyuma məntəqəsinin isə su sayğacı olsa da, uzun müddət ödəniş edilmədiyindən borc yığılıb. Buna görə də obyektin su təchizatı dayandırılıb. Obyektin su çəninin sayğacdankənar çəkilmiş su xətti ilə doldurulduğu məlum olub.
Mirzəağa Əliyev, 168 ünvanında isə yerləşən avtomobillərin icarəsi obyektində sudan müqaviləsiz istifadə olunduğu aşkar edilib. Sahibkara dəfələrlə xəbərdarlıq edilsə də, o, buna məhəl qoymayıb.
Cavadxan küçəsində fəaliyyət göstərən “Zirvə” kafesində də sudan qanunsuz istifadəyə rast gəlinib.
Aşkar olunan faktlarla bağlı sahibkarlar məsuliyyətə cəlb olunublar. Qanunsuz su xətləri isə ləğv olunub.
Cari ilin yanvar-may aylarında Nəsimi rayonu üzrə 31 sudan qanunsuz istifadə halı aşkarlanıb.
