“YARAT” İncəsənət Mərkəzində Opera və teatr sənəti ilə bağlı müzakirələr keçiriləcək. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
“Təkamül” adlı tədbirdə opera sənətində olan dinamika və müasir tendensiyaların inkişafını analiz edərək, yaxın gələcəkdə bu sahədə bizi nə gözlədiyini düşünüləcək. Həmçinin Azərbaycan və dünya operasının tarixi və inkişafından, opera sənətinin birinci və ikinci avanqard dalğasından, Andreas Neyfeld və Andrey Joldak kimi novator rejissorlar haqqında danışılacaq.
Müzakirədə Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru Əyyub Quliyev iştirak edəcək.
Tədbir 13 iyun saat 19:00-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində baş tutacaq. Giriş sərbəstdir.